QAN YADDAŞI
Nantdakı “Qarabağ” məktəbində Xocalı soyqırımına həsr edilmiş dərs təşkil olunub
Bakı, 2 mart, AZƏRTAC
Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbində növbəti dərsin mövzusu Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, dərs Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində şagirdlərə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalı şəhərində mülki azərbaycanlılara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törətdikləri kütləvi qırğın barədə ətraflı məlumat verilib. Xalqımızın hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etdiyi, beynəlxalq ictimaiyyətdən bu faciəyə hüquqi-siyasi qiymət verilməsini və erməni cəlladlarının məsuliyyətə cəlb olunmasını tələb etdiyi bildirilib.
Sonra tarixi faktlar əsasında hazırlanmış videoçarx nümayiş olunub.
“Qarabağ” məktəbində Xocalı soyqırımı barədə fotoşəkillər, məlumatlar və kitablardan ibarət guşə də yaradılıb.