Narkomanlığa qarşı mübarizəyə dair gənclər arasında maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 16 mart, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin narkomanlığa qarşı mübarizənin gücləndirilməsinə dair gənclər arasında keçirdiyi onlayn zona seminar-müşavirələr davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar-müşavirə “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na əsasən keçirilir.
Seminar-müşavirələrdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov, Narkoloji Dispanserin baş həkimi Orxan Cəfərov və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdirinin müavini Ülkər Camalova çıxış edərək mövzu ilə bağlı gəncləri məlumatlandırıblar.
Tədbirlərdə Bakı, Aran, Cənub, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Qazax, Abşeron və Dağlıq Şirvan, Qarabağ və ətraf zonalar üzrə ümumilikdə 70-dən çox rayonun gənclər və idman idarələrinin rəisləri, Gənclər evlərinin, Gənclərin İnkişaf və Karyera mərkəzlərinin direktorları çıxış edərək bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib, təkliflər səsləndiriblər.
Fevraldan start götürən və davam etməkdə olan seminar-müşavirələrdə ümumilikdə minə yaxın gənc iştirak edib.