CƏMİYYƏT
Narkotik vasitələr insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır
Bakı, 9 dekabr, AZƏRTAC
Son illərdə ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində geniş mübarizə aparılır və cəmiyyət arasında gənclərin bu zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınması istiqamətində işlər görülür.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu barədə qurumun Xüsusi Məktəbinin yuxarı sinif kursantları üçün “Narkomaniya ümumbəşəri bəladır, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə”, “İnternetdən təhlükəsiz istifadə” mövzularında keçirilən maarifləndirici tədbirində məlumat verilib.
Tədbir DSX-nin və Daxili İşlər Nazirliyinin birgə təşəbbüsü, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində aparılan maarifləndirmə işləri çərçivəsində keçirilib.
Narkotik vasitələrin zərərləri və ondan qorunmağın yolları ilə bağlı zəruri məlumatlar kursantların diqqətinə çatdırılıb. Həmçinin narkomaniyanın insan cəmiyyətinin mənəvi-əxlaqi dəyərlərinə böyük zərbə vurduğu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyi, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığı, həmçinin cinayətkarlığın artmasına səbəb olduğu bildirilib.
Çıxış edənlər “İnternetdən təhlükəsiz istifadə” mövzusunda informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə qaydaları barədə geniş məlumat verib, internetdən istifadənin psixoloji hazırlığının vacib olmasını qeyd ediblər.
Sonda kursantları maraqlandıran suallar cavablandırılıb, hər iki mövzunu əhatə edən maarifləndirici filmlər nümayiş etdirilib.