Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yanvarda 1098 cinayət faktı aşkarlanıb
Bakı, 19 fevral, AZƏRTAC
Hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında ümumilikdə 1098 cinayət faktı aşkarlanıb. Onlardan 316-sı narkotik vasitələrin qanunsuz satışı, 782-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması ilə bağlı olub.
AZƏRTAC xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar ayının yekununa dair məlumatında öz əksini tapıb.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 831 kiloqram 021,607 qram narkotik vasitələrin və psixotrop maddələrin 86 kiloqram 213,9 qramı heroin, 681 kiloqram 712,79 qramı marixuana, 16 kiloqram 104,876 qramı tiryək, 22 kiloqram 833,55 qramı həşiş, 23 kiloqram 078,491 qramı psixotrop maddələr, 1 kiloqram 078,255 qramı digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 690 ədəd həb metadon, 69,2 qram güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.