Nataliya Məmmədova: Dünya çempionatının ikinci mərhələsinə yüksəlmək şansımız var
Bakı, 29 sentyabr, AZƏRTAC
Milli komandamız dördüncü, mən isə ikinci dəfə dünya çempionatında iştirak edəcəyəm. Əslində Avropa çempionatından sonra karyeramı bitirmək haqqında düşünürdüm. Çünki mövsümdən sonra yorğun idim. Buna baxmayaraq məndən dünya çempionatında milli komandamızın heyətində iştirak edəcəyim soruşulanda müsbət cavab verdim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yaponiyada təşkil olunan qadın voleybol komandaları arasında dünya çempionatında iştirak edən Azərbaycan millisinin üzvü Nataliya Məmmədova deyib.
Voleybolçu bildirib: “Bu gün millimizin heyətində elə oyunçular var ki, ilk dəfə belə böyük yarışda iştirak edəcəklər. Voleybol komanda oyunudur. Ona görə də biz birlikdə sonadək mübarizə aparmalı və gənc oyunçulara kömək etməliyik.
Millimiz “C” qrupunda mübarizə aparacaq. Rəqiblərimiz haqqında deyə bilərəm ki, Asiya voleybolu müdafiədə hər zaman yaxşı oynayır. ABŞ sonuncu dünya çempionudur. Rusiya millisi yeni məşqçi və oyunçularla dünya çempionatında iştirak edəcək. Trinidad və Tobaqo millisinin tam olaraq oyununu görməmişəm. Bu komandanın orta oyunçusu Sinead Jakı tanıyıram və onun qarşılaşmalarını Rusiya çempionatında izləmişəm. Düşünürəm ki, digər oyunçular da yaxşıdırlar. Yarışa psixoloji hazır olsaq və həyəcanımız az olarsa, bizim üçün oynamaq daha rahat olacaq. Fikrimcə, dünya çempionatının ikinci mərhələsinə yüksəlmək şansımız var və bu, bizim əlimizdədir”, - deyə N.Məmmədova əlavə edib.
Qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli komandanın iştirakı ilə sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın 6 şəhərində keçiriləcək. Yaponiya bu tədbirə beşinci, son 12 ildə isə üçüncü dəfə ev sahibliyi edəcək. Millimiz çempionatda Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo və Koreya Respublikası yığmaları ilə bir qrupda mübarizə aparacaq. Millimiz ilk görüşünü sentyabrın 29-da ABŞ yığmasına qarşı keçirəcək.