NATO HƏRBİ KOMİTƏSİNİN BAŞÇISI HESAB EDİR Kİ, GÜRCÜSTANIN ALYANSA DAXİL OLMASINA ÇOX QALIB
Raymon Eno oktyabrın 16-da “Exo Moskvı” radiostansiyası ilə çıxışında bildirmişdir ki, NATO Rusiyani yeni hədələr və təhlükələrlə mübarizədə özünün strateji tərəfdaşı sayır. Onun sözlərinə görə, Rusiya və NATO terrorizmlə mübarizə, böhranların idarə olunması və ya onlara cavab, hərbi sahədə islahatlar və ya silahlı qüvvələrin, habelə hərbi əməliyyatlar meydanında raketə qarşı müdafiənin modernləşdirilməsi sahələrində əməkdaşlıq edirlər. O demişdir: “Bu sahədə Rusiya NATO-nun mühüm strateji tərəfdaşıdır və NATO Rusiya ilə çox yaxşı münasibətləri möhkəmləndirmək niyyətindədir”. R.Enonun fikrincə, alyans ilə Rusiya arasında bütün məsələlər diskussiyalar və danışıqlar yolu ilə həll olunur ki, bu da Rusiya-NATO Şurası tərəfdaşlığı çərçivəsində bütün çətin problemləri aradan qaldırmağa imkan verir.
R.Enon Gürcüstan ilə NATO arasında qarşılıqlı münasibətlərə toxunaraq bildirmişdir ki, Gürcüstanın NATO-ya daxil olmasına hələ çox qalıb və bu ölkənin alyansa qəbuluna dair qərar təşkilatın bütün üzvləri tərəfindən siyasi səviyyədə qəbul ediləcəkdir. Bunun üçün bir sıra məsələləri aradan qaldırmaq, o cümlədən Gürcüstanı NATO-ya üzv olmağa dəvət etmək məsələsini həll etmək lazımdır. NATO hərbi komitəsinin başçısı demişdir: “Hazırkı şəraitdə biz tarixin bu bəndinə hələ yaxın deyilik”. O əlavə etmişdir ki, alyansa üzvlük məsələsi bu və ya digər ölkənin davranışından asılıdır.