“Nature Communications”: Universal vaksin reallığa çevrilə bilər
Bakı, 20 iyul, AZƏRTAC
ABŞ-dakı Oreqon Sağlamlıq və Elm Universitetinin (Oregon Health And Science University-OHSU) bioloqları universal qrip vaksini yaratmağa kömək edəcək yanaşma irəli sürüblər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 1918-1920-ci illərdə ispanka qripi pandemiyasına səbəb olan ştammlardan hazırlanan vaksin primatları yüksək patogenli H5N1 quş qripi virusundan qorumağa müvəffəq olub.
Hazırda virusun dövriyyədə olan ştammı ilə uyğunlaşmaq üçün hər il qrip peyvəndləri edilməlidir. Ancaq elm adamları yalnız bir dəfə tətbiq ediləcək və yaranan virusa qarşı ömürlük toxunulmazlıq təmin edə biləcək vaksin hazırlaya biləcəklərinə ümid edirlər.

“Nature Communications” jurnalı tərəfindən dərc edilən yeni araşdırma insanla ümumi DNT-lərinin təxminən 93 faizi eyni olan əntər meymunları üzərində aparılıb. Alimlər apardıqları araşdırmaların insanlarda istifadə məqsədilə peyvənd yaratmaq üçün əsaslı sıçrayış olacağına inanırlar.
Bu peyvənd dünya əhalisinin 60 faizindən çoxunun daşıdığı herpes patogeninin alt növlərindən biri olan sitomegalovirusun (CMV) dəyişdirilmiş formasıdır. Onun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, patogen infeksiyanın nəzərəçarpan simptomlarının meydana gəlməsinə səbəb olmur, lakin alimlər tərəfindən qrip peyvəndi hazırlamaq üçün istifadə olunan immunitet sistemi tərəfindən aktiv reaksiyanın göstərilməsinə rəvac verir.

Oreqon Sağlamlıq və Elm Universitetinin professoru Con Saşa peyvəndin meymunların əhəmiyyətli bir hissəsini müasir qrip ştammlarından səmərəli şəkildə qoruya bildiyini qeyd edib, çünki qrip virusunun daxili zülallarının quruluşu əsrlər boyu təkamül yolu ilə də dəyişmir. Bu isə universal vaksinin yaradılması üçün perspektivlər açır.
Alimlər ümid edirlər ki, 5-10 ildən sonra həqiqətən universal qrip peyvəndi hazırlanacaq və tətbiq olunacaq.