İQTİSADİYYAT
NAVİQASİYA TƏHLÜKƏSİZLİYİNİ TƏMİN ETMƏK ÜÇÜN
Hökumətlərarası TRASEKA komissiyasının katibliyi naviqasiya avadanlığının göndərilməsi üzrə müsabiqənin qalibini elan etmişdir. Bu, Almaniyanın NTPI şirkətidir.
TRASEKA nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, şirkətin təmsilçiləri fevralın sonunda Bakıya gələcək və burada ümumi dəyəri 2 milyon avro olan layihənin həyata keçirilməsinə başlanacaqdır. TRASEKA mütəxəssislərinin sözlərinə görə, layihənin həyata keçirilməsində adı müvafiq saziş imzalandıqdan sonra açıqlanacaq ikinci şirkət də iştirak edəcəkdir.
Hər iki şirkət Bakı, Türkmənbaşı və Aktau limanlarına naviqasiya avadanlığı gətirməklə məşğul olacaqdır. Layihəni həyata keçirməkdən məqsəd naviqasiya təhlükəsizliyini təkmilləşdirmək və Xəzər dənizində ekoloji təhlükəsizliyi təmin etməkdir.