Naxçıvan Dövlət Universitetinin magistrantları AMEA Naxçıvan Bölməsinin alimləri ilə görüşüb
Naxçıvan, 16 mart, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) Elm günləri çərçivəsində tədbirlərə start verilib. Martın 13-dən başlanan tədbirlərin davamı olaraq ali təhsil ocağında AMEA Naxçıvan Bölməsinin alimləri ilə universitetin magistrantlarının görüşü keçirilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağının rektoru Elbrus İsayev görüşün əhəmiyyətindən bəhs edib və ulu öndərimiz Heydər Əliyevin bu dəyərli fikirlərini xatırladıb: “Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.
Elbrus İsayev qeyd edib ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Hər il 27 mart tarixində ölkəmizdə qeyd olunan Elm günü elmlə məşğul olan hər kəsin, bütövlükdə, Azərbaycan elmi ictimaiyyətinin bayramıdır.
Bildirilib ki, Azərbaycanda elmin inkişafı istiqamətində həyata keçirilən islahatlar Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. Universitetdə professor-müəllim heyətinin qazandıqları uğurları muxtar respublikada elmə, təhsil göstərilən dövlət qayğısının bəhrəsi kimi qiymətləndirən rektor elm yolunda irəliləyən hər kəsi təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev Ulu Öndərin əsasını qoyduğu və bu gün uğurla icra olunan davamlı təhsil strategiyasından danışıb. Təhsil siyasətinin muxtar respublikada uğurla tətbiqindən danışan akademik vurğulayıb ki, elm və təhsil siyasəti qarşılıqlı şəkildə inkişaf etməlidir. Görkəmli dövlət xadiminin ölkə elminin inkişafı sahəsində qəbul etdiyi mühüm tarixi qərarlardan biri də 2002-ci il 7 avqust tarixli Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılmasıdır. Akademik Naxçıvan Bölməsinin fəaliyyəti dövründə qazandığı uğurlardan danışaraq qeyd edib ki, muxtar respublika ərazisində aparılan araşdırma nəticələri, çoxsaylı tədqiqat əsərləri təkcə Naxçıvanın deyil, ümumilikdə, Azərbaycan elminin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Qazanılan son elmi uğurlar kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2018-ci il 7 sentyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Elmin İnkişafı Fondunun adını xüsusilə diqqətə çəkən akademik gələcəyin gənc alimlərini, tədqiqatçılarını fəal olmağa çağırıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin alimlərinin çıxışları dinlənilib. Magistrantlar Naxçıvan Bölməsində olan vakant yerlərlə tanış olublar. Gələcəyin elm adamlarına məsləhət və təkliflərini çatdıran alimlər onlara elm yolunda uğurlar arzulayıblar.
Tədbirdə magistrlərin sualları cavablandırılıb. Alimlər yazdıqları 50-dən çox kitab, monoqrafiyaları universitetə təqdim ediblər.
Görüşdən xatirə olaraq isə universitet tərəfindən alimlərə plaket hədiyyə edilib.