Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasının 10 illiyi qeyd olunmuşdur
Naxçıvan, 26 may (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət etmiş, Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.
Sonra Naxçıvan MR ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov kollektivi əlamətdar gün münasibətilə təbrik etmişdir. Nazir demişdir ki, ulu öndər Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 25 may tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Ölkəmizdə həyata keçirilən ekoloji siyasətin əsas istiqamətlərinə uyğun olaraq muxtar respublikada mövcud ekoloji problemlərin həlli, təbiəti mühafizə sahəsində tədbirlər uğurla davam etdirilir. Belə ki, bu sahənin inkişafı məqsədi ilə qəbul edilən dövlət proqramları, imzalanan fərman, sərəncam və qərarlar, onların ardıcıl icrası, tələbkarlıqla həyata keçirilməsi nəticəsində muxtar respublika ərazisində əlverişli ekoloji mühitin formalaşmasına nail olunmuşdur. Ölkəmizin Beynəlxalq Təbiəti Mühafizə və Təbii Resursların Qorunması İttifaqı, BMT-nin Ətraf Mühit üzrə Proqramı və digər qurumlarla əməkdaşlığı təmin edilmişdir. Respublikamızda həyata keçirilən uğurlu ekoloji siyasətin əsas istiqamətləri Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş 3 maddəyə əsaslanır. Bu siyasət ondan ibarətdir ki, təbii sərvətlərimiz Azərbaycan xalqına məxsusdur, ətraf mühitin mühafizəsi və qorunması hər bir vətəndaşın borcudur.
Ötən 10 il ərzində görülən işlərdən də ətraflı danışılmışdır. Qeyd edilmişdir ki, nazirlik hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş, maddi-texniki bazası gücləndirilmişdir. Bu sahədə səmərəli fəaliyyətinə görə nazirliyin 5 əməkdaşı “Tərəqqi” medalı, 2-si isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş, 1 əməkdaşa Naxçıvan MR-in Əməkdar Kənd Təsərrüfatı işçisi fəxri adı verilmişdir.
Sonda nazirliyin bir qrup əməkdaşına fəxri fərman və hədiyyələr verilmişdir.