NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNDƏ GÖRÜŞ OLMUŞDUR
Qonaqları səmimi salamlayan Ali Məclisin sədri son illər Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında qarşılıqlı əlaqələrin getdikcə inkişaf etdiyindən, bu əlaqələrin əhatə dairəsinin genişləndiyindən məmnunluğunu bildirmişdir. Əlaqələrin genişlənməsində ayrı-ayrı dövlət şirkətləri və özəl firmaların yaxından iştirak etdiyini söyləyən Vasif Talıbov Türkiyə tikinti firmasının Naxçıvanda su-elektrik stansiyası tikmək üçün Muxtar Respublikaya gəldiyini vurğulamışdır. Vasif Talıbov “San Deks” şirkəti ilə bağlanan müqavilənin həm Naxçıvanın ehtiyaclarının ödənilməsində, həm də Türkiyə ilə iqtisadi əlaqələrin daha da möhkəmlənməsində mühüm əhəmiyyətə malik olduğunu demişdir.
Ali Məclisin sədri “San Deks” şirkətinin Naxçıvan şəhərindəki sənaye kompleksində peçenye sexini qurduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvanda səfərdə olarkən bu kompleksin açılışında iştirak etdiyini, həmin sexin məhsullarının keyfiyyətini yüksək qiymətləndirdiyini xatırlatmışdır. İnam və etibar qazanmış belə bir şirkətlə biz əməkdaşlığımızı davam etdirmək niyyətindəyik deyən Ali Məclisin sədri yeni layihənin həyata keçirilməsində “San Deks” şirkətinə uğurlar arzulamışdır.
“San Deks” şirkətinin rəhbəri Dənizxan Tuncer və Türkiyənin Naxçıvandakı baş konsulu Nevzat Uyanık birgə layihənin uğurla həyata keçirilməsi üçün qüvvə və imkanlarını əsirgəməyəcəklərini bildirmişlər.
Sonra Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi və Türkiyə Respublikası “San Deks” İdxalat və İxrac Ticarət şirkəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən “San Deks” şirkəti Naxçıvanda 3 milyard manat dəyərində yeni kolbasa sexi quracaqdır. Sexdə bişirilmiş, hisə verilmiş kolbasa məmulatları və sosiska istehsalı üçün ən yeni avadanlıqlar qurulacaq, görülən işlərin yüksək keyfiyyəti təmin ediləcəkdir.