Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində birinci yarımilin yekunları müzakirə olunub
Naxçıvan, 22 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin videokonfrans formatında geniş tərkibdə iclası keçirilib.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və muxtar respublikada fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin sədr və hakimlərinin iştirakı ilə cari ilin ilk yarımilinin yekunları müzakirə olunub.
İclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi bildirib ki, muxtar respublikada ötən il müşahidə olunduğu kimi cari ilin ilk yarısında da məhkəmələrə müraciətlərin sayında diqqətəlayiq artım müşahidə olunur ki, bu da vətəndaşların məhkəmələrə inamının və mübahisələri hüquq müstəvisində həll etmək istəklərinin göstəricisidir. Fərqli predmetlərə dair daxil olan mübahisələrin bir qismini muxtar respublikada keçmiş təcrübədə rast gəlinməmiş iddialar təşkil edir.
Sonra cari ilin ilk yarısında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aparatı tərəfindən keçirilmiş tədbirlər barədə iştirakçılara məlumatlar verilərək bildirib ki, il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi maarifləndirmə sahəsində diqqətəlayiq işlər həyata keçirilib və keçirilməkdədir. İlk altı ay ərzində ölkəmiz üçün əlamətdar günlər qeyd olunub, məhkəmə tərəfindən xeyriyyə tədbirləri həyata keçirilib, muхtаr rеspublikа məhkəmələrinin sədr və hаkimlərinin iştirakı ilə keçirilmiş müxtəlif səpkili seminarlarda təcrübədə hakimlərin qarşılaşdığı problemlər, onların həlli üsulları müzakirə edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iclasa yekun vuraraq qeyd edib ki, məhkəmələrin qarşısında duran əsas vəzifələr məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə, məhkəmələrin fəaliyyətinin şəffaflığına yönəlmiş fəaliyyətin davamlılığını təmin etməkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi də bu istiqamətdə fəaliyyətini davam etdirəcək.