NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ SİMPOZİUM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri bu tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov çıxış edərək Azərbaycanın qədim və ayrılmaz hissəsi olan Naxçıvanın tarixindən danışmışdır. Bildirmişdir ki, əsrlər boyu gərgin mübarizələr meydanı olmuş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş bu diyar Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni inkişafında böyük və əhəmiyyətli rol oynamışdır.
Natiq Azərbaycanın və onun dilbər guşəsi Naxçıvanın 34 ildən çox inkişaf dövrünün ümummilli liderimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu bildirmişdir.
O, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Naxçıvan MR-ə səfərini xatırladaraq, bu diyarda aparılan geniş quruculuq və abadlıq işlərinin əhəmiyyətindən danışmışdır.
Sonra akademiklərdən Cəmil Quliyevin “Naxçıvan MR-in yaranması tarixindən”, Asəf Nadirovun “Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişaf mərhələləri”, Bəkir Nəbiyevin “Naxçıvan mədəni mühiti”, İsa Həbibbəylinin “Naxçıvanda Şərq və Qərb ənənələri”, AMEA-nın müxbir üzvü Vəli Əliyevin “Naxçıvan MR-də aparılmış yeni arxeoloji tədqiqatlar” mövzularında məruzələri dinlənilmişdir.
Məruzəçilər və çıxış edən digər natiqlər Naxçıvan Muxtar Respublikasının zəngin tarixi abidələrindən, mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin inkişafında bu diyarın əvəzsiz rolundan geniş söhbət açmış, onun daha da tərəqqi edəcəyinə əmin olduqlarını söyləmişlər.