NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ALİ MƏCLİSİNDƏ GÖRÜŞ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, İran İslam Respublikasının “Chancho” şirkətinin müdiri Nasir Meşqin Azərian Naxçıvan MR-ın Balıqçılıq Təsərrüfatı İstehsalat Birliyi ilə çay xərçəngi ticarəti üzrə müqavilə bağlamaq üçün muxtar respublikaya gəlmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Chancho” şirkətinin müdiri Nasir Meşqin Azərian, dövlət balıqçılıq şirkəti müdirinin müavini Məhəmməd Şirvəlilu və İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Nəsir Həmidi Zare ilə görüşmüşdür.
Ali Məclisin sədri yaxın qonşu, dost ölkə olan İran İslam Respublikası ilə ticarət və iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışmışdır.
Qeyd olunmuşdur ki, yaxın vaxtlarda Tehranda keçiriləcək Azərbaycan-İran iqtisadi əlaqələr komissiyasının iclasında Naxçıvanla bağlı məsələlər öz əksini tapacaq, Şahtaxtı-Poldəşt, Culfa-Culfa körpülərinin tikintisi, Naxçıvana təbii qaz və əlavə elektrik enerjisi verilməsi müzakirə olunacaqdır.
İranın Naxçıvandakı baş konsulu Nəsir Həmidi Zare Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı burada gedən quruculuq işlərinə yüksək qiymət verməsini söyləyərək bildirmişdir ki, bu, ölkədəki sabitliyin bəhrəsidir. Sabitlik olan yerdə hər bir ölkə, o cümlədən İran qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.
“Chancho şirkətinin müdiri Nasir Meşqin Azərian və dövlət balıqçılıq şirkəti müdirinin müavini Məhəmməd Şirvəlilu qarşılıqlı əlaqələrin perspektivlərindən danışmış, səmimi görüşə görə minnətdarlıqlarını bildirmişlər.
Sonra Naxçıvan MR-nın Balıqçılıq Təsərrüfatı İstehsalat Birliyi ilə İran İslam Respublikasının “Chancho” şirkəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən il ərzində 40-60 ton çay xərçəngi “Chancho” şirkətinə satılacaqdır.