NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ALİ MƏCLİSİNDƏ GÖRÜŞ OLMUŞDUR
Ali Məclisin sədri İran İslam Respublikası ilə ticarət və iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan-İran iqtisadi əlaqələr komissiyasının yaxın vaxtlarda Tehranda keçiriləcək iclasında Naxçıvanla bağlı məsələlər öz əksini tapacaq, Şahtaxtı-Poldəşt, Culfa-Culfa körpülərinin tikintisi, Naxçıvana təbii qaz və əlavə elektrik enerjisi verilməsi müzakirə olunacaqdır.
İranın Naxçıvandakı baş konsulu Nəsir Həmidi Zare Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı burada gedən quruculuq işlərinə yüksək qiymət verməsini söyləyərək bildirmişdir ki, bu, ölkədəki sabitliyin bəhrəsidir. Sabitlik olan yerdə hər bir ölkə, o cümlədən İran qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.
“Chancho” şirkətinin müdiri Nasir Meşqin Azərian və dövlət balıqçılıq şirkəti müdirinin müavini Məhəmməd Şirvəlilu qarşılıqlı əlaqələrin perspektivlərindən danışmış, səmimi görüşə görə minnətdarlıqlarını bildirmişlər.
Sonra Naxçıvan MR-in Balıqçılıq Təsərrüfatı İstehsalat Birliyi ilə İran İslam Respublikasının “Chancho” şirkəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən il ərzində 40-60 ton çay xərçəngi “Chancho” şirkətinə satılacaqdır.