Naxçıvan şəhər ümumtəhsil məktəbləri ilə muzeylərin birgə əməkdaşlığı davam edir
Naxçıvan, 16 mart, AZƏRTAC
Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri muzeylərdə təşkil olunan açıq dərs və sərgilərdə iştirak ediblər.
Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri Hüseyn Cavidin ev-muzeyində, 6 nömrəli tam orta məktəbin şagirdləri Cəlil Məmmədquluzadənin ev-muzeyində, 9 nömrəli tam orta məktəbin şagirdləri Cəmşid Naxçıvanskinin ev-muzeyində, 12 nömrəli tam orta məktəbin şagirdləri Naxçıvan Dövlət Xalça Muzeyində, 15 nömrəli tam orta məktəbin şagirdləri isə Xatirə Muzeyində keçirilən açıq dərslərdə iştirak ediblər. Dərslərdə muzeylər haqqında şagirdlərə ətraflı məlumat verilib, ekspozisiyalara baxış olub.
Bundan başqa, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdləri Naxçıvan Dövlət Rəsm Qalereyasında keçirilən Novruz bayramına həsr olunmuş “Baharın səsi” adlı sərgidə iştirak ediblər. Burada şagirdlərə rəsm əsərləri haqqında məlumat verilib. Tədbirin sonunda ekspozisiyaya baxış olub.