Naxçıvanda ailə təsərrüfatlarının inkişafına davamlı dövlət dəstəyi göstərilir
Babək, 29 iyun, AZƏRTAC
Muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərin icrası bu sahənin imkanlarını genişləndirib, dövlətdən alınan maliyyə dəstəyi hesabına bir sıra yeni ailə təsərrüfatları yaradılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bunlardan biri də Babək rayonunun Qahab kəndindən olan Hünər Qasımovun yaratdığı ağartı məhsulları istehsalı ilə məşğul olan ailə təsərrüfatıdır. Hünər Qasımov 2013-cü ildə muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 26 min manat kredit götürüb. Bu vəsait hesabına qardaş Türkiyə Respublikasının Bursa şəhərindən kərəhazırlayan, şorçıxaran və qatıq istehsal edən müasir avadanlıqlar alıb. Bundan başqa, təsərrüfatında 60-dan çox iribuynuzlu mal-qarası var. Özü və ailə üzvləri bir neçə ildir ki, bu işlə məşğuldur. “Böyük dağ” əmtəə nişanı ilə hazırlanan qatıq, qaymaq Qahabdakı mövcud xidmət mərkəzlərinə, eləcə də ətraf kəndlərdəki 10-a yaxın dükan-bazara və Naxçıvan şəhərindəki satış obyektlərinə yerli məhsul təqdim olunur. Hünər Qasımovun ailə təsərrüfatında il ərzində 850 qramlıq 10 min tara qatıq istehsal olunur.
Əkinçilik, arıçılıq, bağçılıq, taxılçılıq, o cümlədən heyvandarlıqla da məşğul olan Hünər Qasımov vurğulayıb ki, Naxçıvanda ailə təsərrüfatlarının inkişafına davamlı dövlət dəstəyi göstərilir. O deyib: “2019-cu ildə daha 7 min manat kredit götürüb 30 arı ailəsi almışam. Bu sahəyə də dövlət dəstəyi göstərilir, hər arı ailəsinə görə 10 manat subsidiya verilir. Qalan vəsait hesabına 50 metr uzunluğunda, 14 metr enində böyük fermer təsərrüfatı tikmişəm. Bu işdə oğlanlarım da mənə yaxından kömək göstərirlər. Yaz aylarında mal-qaranı Nəhəcir dağının ətəklərində, sonra isə Culfa rayonundakı yaylaqlara aparırıq. Onu da qeyd edim ki, muxtar respublikada təşkil olunan yarmarka və festivallarda da iştirak edirəm. Gələcəkdə yarmarka və bazarlara ət məhsulları və bal çıxarmağı düşünürəm”.
Hünər Qasımov bildirib ki, bu ilin məhsulu üçün 21 hektar sahədə payızlıq taxıl əkib. Bununla yanaşı, kənd bələdiyyəsindən əkinə yararsız 3 hektar torpaq sahəsi götürüb yararlı hala salıb. Oğul-uşaqları ilə birgə həmin sahənin 1 hektarında yonca, 2 hektarında taxıl, yarım hektarda isə müxtəlif meyvə ağacları əkib. “Dövlətimizə minnətdarlığımı bildirirəm ki, ailə təsərrüfatçılarına güzəştli şərtlərlə texnikalar da verir. Mən də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 3 texnoloji avadanlıq almışam”, - deyən ailə təsərrüfatçısı muxtar respublikada öz zəhməti ilə işləyən hər kəsin rahat yaşayışını tam təmin etdiyini vurğulayıb. Bunun üçün dövlətimiz də hər cür şərait yaradır.