Naxçıvanda keçirilən könüllü qanvermə aksiyasında 359 nəfər iştirak edib
Naxçıvan, 16 iyul, AZƏRTAC
Bu gün Naxçıvan Muxtar Respublikasında Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası təşkil olunub.
Muxtar respublikanın Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, aksiya Naxçıvan şəhəri üzrə 3 məsciddə və rayon mərkəzi xəstəxanalarında həyata keçirilib.
“Həyat bəxş et” şüarı altında keçirilən aksiyada vətəndaşlar olduqca fəal iştirak ediblər. Könüllü aksiyada ümumilikdə 359 nəfərdən götürülən 179,5 litr qan “Qan Bankı və Qan Köçürmə Mərkəzi”nə təhvil verilib.