REGİONLAR
Naxçıvanda kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub
Bakı, 1 noyabr, AZƏRTAC
Naxçıvanda kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin kollektivi 1 Noyabr - Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib. Ümummilli Liderin xatirəsini yad edən kollektiv üzvləri abidənin önünə gül dəstələri düzüblər. Nazirliyin kollektivi, həmçinin Heydər Əliyev Muzeyini ziyarət edib, Ümummilli Liderin fəaliyyətini əks etdirən tarixi sənəd və eksponatlarla tanış olublar.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində 1 Noyabr - Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova iştirakçıları peşə bayramı münasibətilə təbrik edib. Bildirib ki, fermerlərin fəaliyyəti dövlət tərəfindən həmişə yüksək qiymətləndirilir və dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin orden və medallarla təltif olunması barədə Sərəncam imzalayıb. Təltif olunan şəxslər arasında Naxçıvan Muxtar Respublikasından olan fermerlər də var.
Xəyalə Dadaşova Prezidentin Sərəncamı ilə təltif olunan fermerləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar diləyib.
Tədbirdə çıxış edənlər ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında aparılan aqrar islahatların əhəmiyyəti, fermerlərin rifah halının yaxşılaşdırılması, kənd təsərrüfatı istehsalı vasitələrinə əlçatanlığın təmin olunması istiqamətində görülən işlər, aqrar sahəyə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər.
Sonda bir qrup fermer və nazirliyin əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.