Naxçıvanda “Məktəblilərin dram müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
Naxçıvan, 15 aprel, AZƏRTAC
Naxçıvanda “Məktəblilərin dram müsabiqəsi”nin yekununa həsr olunmuş tədbir keçirilib.
Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, muxtar respublikada təhsil müəssisələrinin infrastrukturu yenilənib, maddi-tədris bazası möhkəmləndirilib, məktəb kitabxanaları 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyatla təmin edilib. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edən oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib, kitabxanalarda guşələr yaradılıb.
“Şagirdlərin kitabxanaların imkanlarından səmərəli istifadə etmələri, elmi-kütləvi və bədii ədəbiyyat nümunələrini oxumağa təşviq edilmələri, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər keçirilir”, - deyən təhsil naziri bildirib ki, bu tədbirlərdən ən əhəmiyyətlisi isə ənənəvi olaraq aprel ayında ümumtəhsil məktəblərində keçirilən “Mütaliə aylığı”dır. Mütaliə aylığı çərçivəsində oxunması zəruri olan kitabların mütaliəsi təmin edilir, kitab müzakirəsi və oxucu konfransları, ədəbi-bədii gecələr, disputlar, inşa yazı müsabiqələri, bilik yarışları təşkil edilir. Tədbirlərdən biri də “Məktəblilərin dram müsabiqəsi”dir. 2021-ci il yanvarın 11-dən başlayaraq üç mərhələdə keçirilən müsabiqədə 170 məktəb üzrə 1400-ə yaxın şagird iştirak edib. Əsərlərdən səhnələşdirilən parçalar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Şagirdlərin hazırladıqları səhnələrin tərtibatı, əsərdəki dövrlə səsləşən geyim və aksesuarlardan istifadə, əsərlərin mahiyyəti və ideyasını tamaşaçıya çatdıra bilmələri, dialoq və kompozisiyaları canlı ifa etmələri onu deməyə əsas verir ki, müsabiqə böyük marağa səbəb olub və müsabiqəyə hazırlıq yüksək səviyyədə təşkil olunub.
Təhsil naziri ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılması üçün yaratdığı əlverişli şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə minnətdarlığını bildirib.
Mədəniyyət naziri Nətavan Qədimova qeyd edib ki, bu gün muxtar respublikada teatrların fəaliyyətinə hərtərəfli dövlət qayğısı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binaları yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda muxtar respublikada fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, bölgələrdə fəaliyyət göstərən 5 xalq teatrı tamaşaçıların asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır.
Mədəniyyət naziri bildirib ki, “Məktəblilərin dram müsabiqəsi” bundan sonra da şagirdlərin kitab mütaliəsinə marağının atmasına, onların bədii-estetik zövqünün və bədii qiraət bacarığının formalaşmasına, nəhayət, muxtar diyarımızda teatr sənətinə olan marağın güclənməsinə dəyərli töhfə olacaq.
Şagirdlər arasında keçirilən “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublikada ədəbiyyata göstərilən diqqətin, qayğının növbəti bariz nümunəsi olduğunu vurğulayan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev qeyd edib ki, “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan ədəbiyyatların şagirdlər tərəfindən mütaliə olunması, eləcə də həmin əsərlərdən parçaların səhnələşdirilməsi onların bacarıq və istedadını üzə çıxarır.
Dram müsabiqəsində Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvlərinin hazırladığı Şəhid Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş səhnəcik III yerin, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının hazırladığı Mirvari Dilbazinin “Xocalı Fəryadı” əsəri II yerin, Culfa rayon Qızılca kənd tam orta məktəbin şagirdlərinin hazırladığı Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” əsəri isə I yerin qalibi olub. Qaliblər təşkilatçılar tərəfindən plaket və oxunması zəruri olan kitablarla mükafatlandırılıblar. Həmçinin müsabiqə müddətində aktyorluq bacarığı ilə fərqlənən 14 şagird də mükafatlandırılıb.
Sonra “Məktəblilərin dram müsabiqəsi”nin seçim mərhələləri ilə bağlı hazırlanan videoçarx göstərilib. Tədbirin sonunda müsabiqənin qalibi olan məktəblərin hazırladıqları səhnələr bir daha tamaşaçılara təqdim olunub.