REGİONLAR
Naxçıvanda Milli Teatr Günü qeyd olunub
Naxçıvan, 11 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli dövlət qayğısı göstərilir, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Teatr binaları yenidən qurularaq istifadəyə verilir, qastrol səfərləri genişləndirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 10 mart - Milli Teatr Gününə həsr olunmuş tədbirdə ətraflı danışılıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, bu gün qədim diyarımızda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı klassik və çağdaş dramaturgiyanın dəyərli nümunələri, dünya klassiklərinin əsərləri əsasında hazırlanmış tamaşaları səhnəyə qoymaqla tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətli rol oynayır.
Qeyd edilib ki, müstəqillik illərində Naxçıvan teatrının tədqiqi ilə bağlı da bir sıra uğurlu işlər həyata keçirilib, monoqrafiya və kitablar nəşr olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” kitabı bu baxımdan yüksək qiymətə layiqdir.
Diqqətə çatdırılıb ki, muxtar respublikada teatr sənətinin inkişafında xidmətləri olan insanların əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Nazir Naxçıvanda teatr sənətinin inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını ifadə edib, teatrsevərlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda Nəbi Xəzrinin “Burla xatun” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunub.