Naxçıvanda Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Altsisteminin təqdimatı olub
Naxçıvan, 17 dekabr, AZƏRTAC
Naxçıvanda istifadəyə verilən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Altsistemi sağlamlıq imkanları məhdudluğun təyini və qiymətləndirilməsinin təkmilləşdirilməsinə səbəb olacaq.
Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu sözləri Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Altsisteminin təqdimatı mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva deyib.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək bildirib ki, təqdimatı olan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Altsisteminin yaradılması sağlamlıq imkanları məhdudluğun qiymətləndirilməsində vətəndaş-ekspert təması olmadan, elektron müstəvidə və şəxsin kimliyi, göndəriş verən təşkilatın hansı səhiyyə qurumu olduğu bilinmədən anonim olaraq xəstəliyi əks etdirən tibbi sənədlər əsasında şəffaf şəkildə həyata keçirilməsinə imkan yaradacaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Ramin Səfərov və Səhiyyə Nazirliyində tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərə nəzarət komissiyasının sədri Süleyman Cəfərov çıxış edərək sağlamlıq imkanları məhdudluğun təyini və qiymətləndirilməsi sahəsində görülən işlərdən danışıb, yeni istifadəyə veriləcək sistemin əhəmiyyətindən bəhs ediblər.
Tədbirdə yeni altsistem ilə tanışlıq olub və sistemdən istifadə qaydalarından danışılıb.
Qeyd edək ki, tədbirdə muxtar respublika üzrə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan 16 tibb müəssisəsinin həkim-məsləhət komissiyalarının həkimləri, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin müvafiq sahələr üzrə məsul əməkdaşları iştirak ediblər.