Nazim Hüseynov: Dünya çempionatında daha yüksək nəticə qazana bilərdik
Bakı, 29 sentyabr, AZƏRTAC
Cüdoçularımız dünya çempionatına yaxşı hazırlaşmışdılar. Federasiyanın rəhbərliyi, məşqçilər korpusu millimizin hərtərəfli hazırlığı üçün bütün qüvvələri səfərbər etmişdilər. Bir gümüş, bir bürünc medalı yaxşı nəticə sayıram.
Bu fikirləri AZƏRTAC-a cüdo üzrə yığma komandanın baş məşqçisinin köməkçisi, Olimpiya çempionu Nazim Hüseynov deyib. O, millinin heyətində mübarizə aparan idmançıların əksəriyyətinin təcrübəli olduğu üçün onlara böyük ümidlər bəslədiyini vurğulayıb: “Düzdür, bu, idmandır və nəticə həmişə gözlənilən kimi olmur. Tatami ustalarımızın əksəriyyəti, həm də dünyanın tanınmış idmançılarıdır. Onların bir neçəsinin finala qədər irəliləyəcəyini gözləyirdim. Burada bəxt amili də öz sözünü dedi. Digər məqamlar da var idi”.
Məşhur cüdoçumuzun sözlərinə görə, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynovu komandaya cəlb etmək onun seçimi olub. “Kəramət Hüseynov gənc idmançıdır. Cəmi 20 yaşı var və potensialına görə medal qazana bilərdi. O, 2016-cı Rio Olimpiadasının qalibi, 2014-cü il dünya çempionatının gümüş mükafatçısı, ikiqat Avropa çempionu, Bakı-2015-in ən güclüsü olan rusiyalı Beslan Mudranovu 2 dəqiqə 32 saniyəyə məğlub edib. Digər rəqibləri ilə görüşlərində də özünü yaxşı göstərdi”, - deyə N.Hüseynov əlavə edib.
Orxan Səfərov rəqibi gürcü idmançısı Amiran Papinaşvili ilə əvvəllər də qarşılaşmışdı və rəqibinə yaxşı bələd idi. Amma bu dəfə bəxt onun üzünə gülmədi: “Orxan Rio Olimpiadasından sonra çəkisini dəyişsəydi, yaxşı olardı. Çünki 66 kiloqram çəki dərəcəsində daha yaxşı çıxış edir. Yaxud Məmmədəli Mehdiyevin bu cür nəticə göstərəcəyini gözləmirdim. 100 kiloqram çəkidə yarışan Zelim Kotsoyev, ümumiyyətlə, ümidləri doğrultmadı. Düzdür, birinci gün tatamidə bütün idmançılar üçün çətin olur. O, bu mərhələni keçsəydi, qələbə qazana bilərdi. Eləcə də Elmar Qasımovun finalda mübarizə aparması üçün potensialı var idi. Dünya çempionatında ən yaxşı nəticəni 100 kiloqramdan ağır çəkidə Uşangi Kokauri qazandı. Digər idmançımız Hidayət Heydərovun (73 kq) çıxışından da razı qalmaq olar”.
Baş məşqçinin köməkçisi 2020-ci ildə Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı danışarkən deyib: “Heyətdə əsasən gənc cüdoçulara şans verilməlidir. Hidayət Heydərov komanda yarışında bütün görüşlərini qələbə ilə başa vurdu. Bu cüdoçumuzun yaxşı xüsusiyyətlərindən biri də sonadək mübarizə aparmasıdır. Eyni zamanda, Kəramət Hüseynov güclü potensiala malikdir. Hər iki idmançını gələcəyin olimpiyaçıları kimi görürəm”.