REGİONLAR
Nazir: Ölkəmizdə gənclərin aqrar sahə üzrə innovativ ideyalarının reallaşması üçün əlverişli şərait yaradılıb
Gəncə, 20 dekabr, E.Məmmədov, AZƏRTAC
Bu gün dünyada su və torpaq resursları öz istehsal imkanlarının təhlükəli həddinə yaxınlaşır. Dünya əhalisinin artımı ilə ərzağa tələbat artır, bu səbəbdən torpaq və su resursları üzərində təzyiq çoxalır. Qlobal iqlim dəyişikliyi, su çatışmazlığı və şoranlaşma böyük torpaq ərazilərinin əkin dövriyyəsindən çıxmasına səbəb olur. Bütün bunlar aqrar sahədə innovasiyaların tətbiqini daha da aktuallaşdırır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Gəncədə keçirilən “Aqrar İnnovasiya və Startaplar Forumu”nda çıxışı zamanı deyib.
O bildirib ki, innovasiyalar məhsuldarlığın dəfələrlə artırılmasına, torpaq və su resurslarından daha səmərəli istifadə olunmasına, məhsulun maya dəyərinin azalmasına və fermerlərin daha çox gəlir əldə etməsinə imkan yaradır. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
“Ölkəmizdə aqrar startap ekosisteminin inkişafı, o cümlədən gənclərin innovativ ideyalarının reallaşması üçün əlverişli şərait qurulmuşdur. Qeyd etmək istərdim ki, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə aqrar texnologiyaların tətbiqinə dair müxtəlif startap müsabiqələri, yarışma və hakatonlar keçirilir. Bu müsabiqələrin əsas məqsədi aqrar sahədə innovasiyaların təşviqi və tətbiqinə, innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərməkdir. Həmçinin əlavə etmək istərdim ki, startapçılar bu gün aqrar sahədə fəaliyyət göstərən qabaqcıl iri şirkətlərə öz layihələrini təqdim etmək imkanına sahibdirlər”, - deyə nazir əlavə edib.