NDU ilə Macarıstanın Metropolitan Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur
Naxçıvan, 14 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən Naxçıvan Dövlət Universiteti (NDU) ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili məqsədilə universitetin rektoru Elbrus İsayev və rektor müşaviri Rəcəb Cəfərli Macarıstanın Metropolitan Universitetində olublar.
Bu barədə NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna məlumat verilib. Bildirilib ki, keçirilən görüşlərdə Metropolitan Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında Media, marketinq və incəsənət fakültəsinin dizayn ixtisası üzrə əməkdaşlıq haqqında razılığa gəlinib. Eyni zamanda, birgə elmi-tədqiqat işlərinin hazırlanması və konfransların keçirilməsi planlaşdırılıb. Bu əməkdaşlıq xüsusən incəsənət sahəsində beynəlxalq səviyyədə inkişaf edən dizayn təcrübələrini birləşdirərək tələbələr və tədqiqatçılar üçün unikal imkanlar yaradacaq.
Qeyd edək ki, Metropolitan Universiteti biznes, marketinq, incəsənət, media, kommunikasiya və turizm sahələri üzrə geniş bakalavr və magistratura proqramlarına malikdir.