NDU ilə Türkiyənin universitetləri arasında əlaqələr genişlənir
Naxçıvan, 29 iyul, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti (NDU) ilə Türkiyənin Hacı Bayram Vəli və Qazi universitetləri arasında əməkdaşlığın əsası qoyulub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və bir qrup əməkdaşı Türkiyənin Hacı Bayram Vəli və Qazi universitetlərinin rəhbərliyi ilə görüş keçiriblər.
Görüş çərçivəsində NDU və Hacı Bayram Vəli Universiteti arasında Uzaqdan Təhsil Mərkəzi ilə birgə fəaliyyət, konservatoriya ixtisasları üzrə ikili diplom proqramının həyata keçirilməsi nəzərdə tutulub. Hacı Bayram Vəli Universiteti ilə isə onun Turizm fakültəsinin təcrübəsi ilə NDU turizm işinin təşkili ixtisasları arasında ikili diplom proqramının təşkili, rəqəmsal təhsildə keyfiyyətin təmini üçün elektron-öyrənmə sisteminin gücləndirilməsi, doktorantura təhsil pilləsində keyfiyyətin və xarici təcrübələrdən faydalanması məqsədilə “iki elmi rəhbərli” ixtisaslara qəbul planı aparılması məsələləri diqqətdə saxlanılacaq.
Qazi Universitetində keçirilən görüşdə ali təhsil ocağında xarici dil tədris edən müəllimlərin NDU-da tədrisə yönləndirilməsi, sinxron tərcümə sahəsində Qazi Universitetinin təcrübəsinin öyrənilməsi, tibb sahəsində birgə təlim, tədris və tədqiqatın həyata keçirilməsi, mühəndislik ixtisasları üzrə ikili diplom proqramı imkanlarının müzakirə edilərək həyata keçirilməsi qarşıya məqsəd qoyulub. Bundan başqa, görüşdə texnologiya ixtisası sahələri əsasında təcrübə mübadiləsi, universitet kitabxanaları arasında əlaqənin yaradılması, xarici dil, sinxron tərcümə və tədris texnikasının öyrənilməsi məqsədilə NDU-nun müəllim heyətinin Qazi Universiteti ilə mübadiləsinin təşkili diqqətdə saxlanılıb. Doktorantura sahəsi üzrə doktorant və dissertantların tədqiqat aparmaları məqsədilə qarşılıqlı mübadilə imkanlarının müzakirəsi və təşkili, biotexnologiyalar sahəsində əməkdaşlıq və bir sıra digər mühüm məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da iştirak edib.