“Neft daşları” yatağında ekoloji monitorinq aparılmışdır
Bakı, 25 avqust (AZƏRTAC). Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən “Neft daşları” NQÇİ-nin “Neft daşları” yatağında ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi məqsədilə ekoloji monitorinq aparılmışdır.
Ekologiya İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, monitorinq müddətində Xəzər dənizinə təsir edən parametrlərin müəyyənləşdirilməsi üçün yatağın 15 stansiyasından dəniz suyu, zooplankton, fitoplankton və dib çöküntüsü nümunələri götürülmüşdür. Monitorinq zamanı, həmçinin su mühitinin fiziki-kimyəvi xarakteristikası öyrənilmiş, dəniz axınlarının sürət və istiqaməti ölçülmüş, ərazinin meteoroloji tədqiqatı aparılmışdır.
Monitorinqin aparıldığı “MPK-452” gəmisində su mühitinin müxtəlif dərinliklər üzrə fiziki-kimyəvi parametrlər də tədqiq edilmişdir.
Götürülmüş nümunələr Kompleks Tədqiqatlar Laboratoriyasında analiz edildikdən sonra alınmış nəticələrə əsasən analitik təhlillərin aparılması nəzərdə tutulur.
ARDNŞ-nin Ekologiya İdarəsinin 2012-ci il iş planına uyğun olaraq Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən Xəzər dənizi akvatoriyasında fəaliyyət göstərən neft-qaz çıxarma idarələrinin yataqlarında ətraf mühitin vəziyyətinin monitorinqi üzrə ildə iki dəfə - qış-yay və ya yaz-payız fəsillərində dəniz ekspedisiyası keçirilir. Monitorinqin mövsümlər üzrə aparılmasında məqsəd dəniz canlılarının populyasiya sıxlığını, suyun üst, orta və alt qatlarında qida maddələrinin miqdarını öyrənməkdən ibarətdir.