“NEFT GƏLİRLƏRİNİ HƏR KƏSİN XEYRİNƏ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Konfransda Milli Məclisin deputatları, respublika hökumətinin, beynəlxalq təşkilatların, ölkəmizdə fəaliyyət göstərən xarici və yerli şirkətlərin, ictimaiyyətin, yaradıcılıq təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak edirdilər.
MSŞA QHT Koalisiyasının əlaqələndiricisi Sabit Bağırov tədbiri giriş sözü ilə açaraq “Neft gəlirləri hamımızındır” devizi ilə keçirilən aylıq kampaniyanın yekunu olaraq təşkil edilmiş konfransın məqsədini açıqladı. Qeyd etdi ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Counterpart İnternational təşkilatı tərəfindən “Vətəndaş cəmiyyəti” layihəsi çərçivəsində həyata keçirilən bu kampaniyada geniş əhali kütləsinin maarifləndirilməsi üçün bütün coğrafi regionlarda toplantılar, dəyirmi masalar, televiziyalarda tok-şoular, mediaforumlar, radiodialoqlar, jurnalist müsabiqələri təşkil edilmiş, plakatlar, informasiya xarakterli bukletlər, təqvimlər, kitab və broşürlər çap edilib paylanmış, ictimaiyyətin diqqəti ölkəmizə daxil olan neft gəlirlərinə, onların istifadəsində fəal iştiraka və ictimai nəzarətə cəlb olunmuşdur.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxışında bildirdi ki, Norveçin paytaxtı Oslo şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 3-cü Beynəlxalq konfrans öz işini oktyabrın 19-da tamamlamış, konfransda Azərbaycanın da nümayəndə heyəti iştirak etmişdir. Azərbaycanın Şəffaflıq Təşəbbüsünün tətbiqi sahəsində fəaliyyəti, əldə etdiyi təcrübə barədə konfransda çıxış etdiyini bildirən natiq dedi ki, bütün iştirakçılar Azərbaycanın Təşəbbüsün həyata keçirilməsində əldə etdiyi uğurları yüksək qiymətləndirmiş, ölkəmizin təcrübəsinin öyrənilib yayılmasını vacib hesab etmişlər.
Ş.Mövsümov bildirdi ki, Şəffaflıq Təşəbbüsünə beynəlxalq dəstəyin təmin olunması və Təşəbbüsə qoşulmuş ölkələrin fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə idarə heyətinin yaradılması da qərara alınmış, konfransın qərarına əsasən, idarə heyətinə 8 ölkənin üzvlüyü təsdiq olunmuşdur. Onlardan 5-i Şəffaflıq Təşəbbüsünü tətbiq edən ölkələr - Azərbaycan, Qvineya, Qabon, Qırğızıstan və Nigeriya, 3-ü isə Təşəbbüsü dəstəkləyən ölkələr- ABŞ, Böyük Britaniya və Almaniyadır. Şəffaflıq Təşəbbüsünü beynəlxalq səviyyədə ilk olaraq həyata keçirən və Təşəbbüs üzrə neft gəlirlərinə dair artıq 4 hesabat açıqlayan Azərbaycanın idarə heyətinə üzv seçilməsi dövlətimizin, onun siyasi rəhbərliyinin Təşəbbüsün tətbiqində dünya ölkələri arasında aparıcı rolunu bir daha nümayiş etdirmişdir.
Böyük Britaniyanın ölkəmizdəki səfiri Lorens Bristoun, Dünya Bankının Azərbaycandakı ofisinin rəhbəri Qreqori Yeçeyçak, Nazirlər Kabinetinin iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri Oqtay Haqverdiyev, Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Bazil Zaboyko və respublikamızda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçilərinin məruzə və çıxışlarında ölkəmizin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü kimi fəaliyyəti müsbət qiymətləndirildi. 2004-cü ilin noyabrın 24-də Bakıda Hökumət, xarici və yerli şirkətlər, MSŞA Koalisiyası arasında Anlaşma memorandumunun imzalanmasından sonra bu istiqamətdə görülən işlər diqqətə çatdırıldı, artıq cari ildən respublikamıza xeyli miqdarda neft gəlirlərinin daxil olacağı bildirildi. Bu şəraitdə əldə olunmuş uğurların davam etdirilməsi, beynəlxalq təcrübənin, xüsusən renta xarakterli gəlirlərin yarada biləcəyi problemlərin öyrənilməsi və bu məqsədlə qabaqlayıcı tədbirlərin görülməsi, Neft Fondundan ayrı-ayrı irimiqyaslı layihələrin maliyyələşməsi məqsədi ilə ayrılan vəsaitlərin xərclənməsinə ictimai nəzarətin təşkili, neft gəlirlərinin vətəndaş cəmiyyəti quruculuğu, xalqın maddi vəziyyətinin yaxşılaşması, sosial problemlərinin həlli istiqamətində daha səmərəli istifadəsi üçün təkliflər, tövsiyələr səsləndi, açıq şəraitdə geniş fikir mübadiləsi, işgüzar müzakirələr aparıldı, konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.