Neftçalada Novruzun gəlişi böyük coşqu ilə qeyd olunub
Neftçala, 16 mart, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Biləsuvar Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Neftçala rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə məktəblilərin Novruz bayramına həsr etdikləri rəsm əsərlərinə və adət-ənənələrimizi özündə əks etdirən sərgiyə baxış keçirilib.
Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla həyata keçirən Prezident İlham Əliyev hər zaman bu adət-ənənələrin davam etdirilməsinə xüsusi diqqət və qayğı göstərib. Qeyd olunub ki, 44 günlük Zəfər yürüşü zamanı azadlığa qovuşan torpaqlarımızda bu gün abadlıq, tikinti-quruculuq işləri geniş vüsət alıb.
Bayram tədbiri Biləsuvar Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə davam edib.