NEFTÇİLƏR GÜNÜNƏ HƏSR EDİLMİŞ ON BEŞİNCİ ƏNƏNƏVİ SPARTAKİADA BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da S. Bəhlulzadə adına mədəniyyət sarayında neft və qaz sənayesi işçilərinin ənənəvi XV Spartakiadası başa çatmışdır.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər bildirmişlər ki, Azərbaycan neftçilərinin peşə bayramı - 20 sentyabr Neftçilər gününə həsr edilmiş Spartakiadada 32 komanda iştirak etmişdir. Spartakiadada 1000- dən çox yarış iştirakçıları bir həftə ərzində öz bacarıqlarını nümayiş etdirmişlər.
Natiqlər bildirmişlər ki, son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanın inkişafı istiqamətində də mühüm addımlar atılmış,
Bakıda bir çox nüfuzlu beynəlxalq yarışlar yüksək səviyyədə keçirilmişdir. Prezident İlham Əliyevin göstərişi ilə son illərdə respublikamızın bir çox bölgələrində olimpiya-idman kompleksləri tikilmişdir və hazırda bu iş uğurla davam etdirilir.
Builki Spartakiadada neftçilər 12 idman növündə öz qüvvə və bacarıqlarını nümayiş etdirmişlər. İdmanın atletika, mini futbol, voleybol, stolüstü tennis, üzgüçülük, şahmat, dama və digər növləri üzrə yarışlarda qadınlar da kişilərlə birlikdə öz güclərini sınamışlar.
Yarışlarda fərqlənmiş idmançılara Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən kubok, diplom və müxtəlif hədiyyələr təqdim edilmişdir.