NƏRİMANOV RAYON İCRA HAKİMİYYƏTİNDƏ RUSİYALI QONAQLARLA GÖRÜŞ OLMUŞDUR
Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev Bakı şəhərinin və Həştərxan vilayətinin qardaşlaşmış Nərimanov rayonları arasında əlaqələrin inkişafının ölkələrimizin dostluq və əməkdaşlığının davamı olduğunu bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi önəm verdiyi Azərbaycan-Rusiya münasibətlərinin xalqlarımızın rifahına xidmət etdiyini diqqətə çatdırmışdır. O, Həştərxan vilayətinin nümayəndə heyətinə rayonun sənaye potensialı, elm və təhsil ocaqları, idman müəssisələri, sakinlərin sosial vəziyyətinin yaxşılaşdırılması və iqtisadi inkişaf istiqamətində görülən işlərdən danışmışdır.
Həştərxan vilayəti Nərimanov rayonu icra hakimiyyətinin başçısı Vladimir Skvorçov vilayətdə on min azərbaycanlının yaşayıb işlədiyini, Nəriman Nərimanovun burada ucaldılmış abidəsinə ehtiram bəsləndiyini bildirmişdir.
Qardaşlaşmış rayonlar arasında əməkdaşlıq üçün yaxşı potensial olduğunu bildirən qonaq Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursunu uğurla davam etdirdiyini məmnunluqla vurğulamışdır.
Görüşdə qardaşlaşmış rayonlar arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.