Nərimanov rayonunda Qərbi Azərbaycan əsilli şəhid ailələrinin iştirakı ilə görüş keçirilib
Bakı, 22 iyul, AZƏRTAC
Qərbi Azərbaycan İcmasında (QAİ) İcmanın Nərimanov rayon nümayəndəsinin təşkilatçılığı ilə şəhid ailələri və qazilərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər, habelə QAİ rəhbərliyi iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, şəhidlər bizim qürur yerimiz, onların ailələri isə əmanətlərimizdir. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyub, xalqımızın alnındakı bu qara ləkəni silməyə şəhidlərimizin canı, qazilərimizin qanı bahasına nail olmuşuq. Onların xatirəsini əziz tutub, ailələrinin qayğısına qalmaq hər birimizin borcudur. Ə.Ələkbərli deyib ki, İcma tərəfindən Qərbi Azərbaycandan olan şəhidlər haqqında məlumatlar bir yerə toplanaraq nəşr edilib, tezliklə kitabın təqdimat mərasimi keçiriləcək.
Sonra Vətən Müharibəsi Qəhrəmanı baş leytenant Azad Hümbətovun atası Arif Hümbətov çıxış edərək bildirib ki, bugünkü tədbir şəhid ailələrinə göstərilən qayğı və ehtiramın növbəti nümunəsidir. O, Prezident İlham Əliyevin Azərbaycanı qalib dövlətə çevirməsindən və şəhidlərimizin qanının yerdə qalmaması üçün qətiyyət nümayiş etdirməsindən danışıb.

Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı polkovnik Zaur Nudirəliyevin həyat yoldaşı Nazilə Nudirəliyeva göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, Qərbi Azərbaycan İcmasına təşəkkür edib. Diqqətə çatdırıb ki, onların ailəsi də səbirsizliklə öz ata-baba yurdlarına, Qərbi Azərbaycana qayıdışı gözləyirlər və əmindirlər ki, bu gün uzaqda deyil.
Şəhid Rövşən Hüseynovun anası Sona Hüseynova, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev və digər də Qərbi azərbaycanlı olaraq İcmanın diqqətini yüksək qiymətləndirib, böyük qayıdışa inamlarının tam olduğunu bildirdilər.
QAİ-nin Nərimanov nümayəndəsi Təmraz Tağıyev görüş üçün şəhid ailələrinə, qazilərə təşəkkür edib. O, Nərimanov rayon sakinləri olmuş hər iki Vətən Müharibəsi qəhrəmanı ilə qürur duyduğunu, bu oğulların Qarabağ uğrunda döyüşə atılmalarında Vətən həsrətinin rol oynadığını bildirib.
Görüşdə iştirak edən QAİ-nin Ağsaqqallar Şurası Nərimanov təşkilatının sədri professor Vahid Novruzov bildirib ki, bu gün bütün Qərbi azərbaycanlılar tarixi torpaqlarına məhz dövlətimizin başçısının qətiyyəti ilə sülh və əmin-amanlıq şəraitində qayıdacaqlarına inanırlar.
Sonda şəhid ailələrinə Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri və döş nişanları təqdim olunub, xatirə şəkli çəkdirilib.