CƏMİYYƏT
Nəsimi rayonun küçə və məhəllələrində abadlıq-quruculuq işləri aparılır


Bakı, 26 sentyabr, AZƏRTAC
Paytaxtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması və yaşıllıqların salınması işləri uğurla davam etdirilir. “Abad həyət” layihəsinə uyğun olaraq rayonun Moskva prospekti 68 və 72 saylı ünvanlarındakı ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işlərinə başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, ümumi yaşayış binalarının fasadında və dam örtüyündə əsaslı təmir işlərinin aparılması, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, binaların giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması işləri nəzərdə tutulub.
Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının quraşdırılması, yeni tamet və bordür daşlarının, asfalt və qazon örtüyünün vurulması, həyətə yeni su və işıqlandırma sistemlərinin çəkilməsi, avtomobillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması işləri də aparılacaq.