CƏMİYYƏT
Nəsimi rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib VİDEO
Bakı, 23 dekabr, AZƏRTAC
Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Həyata keçirilən silsilə tədbirlər çərçivəsində S.Vurğun küçəsi 85, Mərdanov qardaşları küçəsi 102 və Bakıxanov küçəsi 30 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılmış həyət sakinlərin istifadəsinə verilib.
Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, hazırlanmış layihəyə uyğun olaraq min nəfərə yaxın sakinin yaşadığı - 3 girişli, 8 mərtəbəli S.Vurğun küçəsi 85 saylı, 6 girişli, 7 mərtəbəli Mərdanov qardaşları küçəsi 102 saylı və 6 girişli, 6 mərtəbəli Bakıxanov küçəsi 30 saylı binaların fasadları təmir olunub, ümumilikdə girişlərdə olan 75 ədəd pəncərə yenisi ilə əvəz edilib, giriş pilləkənləri aqlay daşla üzlənib, yağış suları axıdan borular və navalçalar dəyişdirilib.
Təmir-bərpa işləri zamanı binaların əhatə etdiyi həyətə 4 min kvadratmetrdən artıq asfalt örtüyü, 500 kvadratmetr qazon, 2 min kvadratmetrə yaxın tamet daşı vurulub, 1500 kvadratmetr istinad divarı aqlay daşla üzlənib, 800 poqonmetr yeni bardürlər qoyulub, 350 kubmetrdə isə torpaq işləri aparılıb.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı təhlükəli vəziyyətdə olan irigövdəli ağaclar aqrotexniki qaydada budanıb. Özbaşına quraşdırılan köşklər sökülərək ərazi sakinlərin ümumi istifadəsinə verilib. Həyətdə işıqlandırma sistemləri yenidən qurularaq 15 nöqtədə işıq dirəkləri qoyulub.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanıb, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.