Nəsimi rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulublar VİDEO
Bakı, 22 yanvar, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin”, həmçinin digər ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha altı nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı paytaxt sakinləri - əvvəllər məhkum olunmuş Rəvan İbrahimov və Ramal Rəcəbov saxlanılıblar. Onlardan ümumilikdə 1 kiloqramdan artıq heroin və metamfetamin aşkar olunub.
R.İbrahimov və R.Rəcəbov ilə bağlı aparılan araşdırmalar zamanı onların paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirdikləri və bu məqsədlə ətraflarına narkokuryerlər cəlb etdikləri müəyyənləşdirilib. İdarə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkokuryerliyə cəlb olunan daha 4 nəfər - Ramil Bayramov, Kamran Əliyev, Anar Əliyev və Rauf Cavadov da saxlanılaraq istintaqa təqdim ediliblər. Onlar R.İbrahimov və R.Rəcəbov tərəfindən narkokuryerliyə cəlb olunduqlarını etiraf ediblər.
Saxlanılan şəxslər barəsində Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar aparılır.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatları davam etdirirlər.