Nəsimi rayonunda növbəti abad həyət sakinlərin istifadəsinə verilib
Bakı, 9 dekabr, AZƏRTAC
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, hazırlanmış layihəyə uyğun olaraq 5 girişli, doqquzmərtəbəli Alı Mustafayev küçəsi 10 və 12 saylı ümumi yaşayış binalarının fasadlarında başlanılmış bərpa və təmir işləri başa çatdırılıb, binaların dam örtükləri əsaslı təmir olunub, 10 saylı binada 3 ədəd lift dəyişdirilib.
Görülmüş işlər çərçivəsində həyətin asfalt örtüyü yenilənib, yeni bardürlər quraşdırılıb, yaşıllıqların suvarılması üçün su xətləri çəkilib, yeni yaşıllıq zolağı salınaraq qazon vurulub, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, həmişəyaşıl ağaclar və kollar əkilib.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətlərinə 2 ədəd söhbətgah və 6 ədəd oturacaq qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Həyətdə bağlı basketbol meydançası yaradılıb və işıqlandırma sistemi yenidən qurulub.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirirlər.