CƏMİYYƏT
Nəsimi rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə orden və medallar təqdim edilib
Bakı, 26 iyun, AZƏRTAC
26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsi ilə birgə rayonun Vaqif prospekti və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən parkda təntənəli tədbir keçirib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, ağsaqqalların, ictimaiyyətin nümayəndələrinin, gənclərin iştirakı ilə keçirilən tədbirdə dövlətimizin başçısının Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsinə dair sərəncamlarına əsasən orden və medallarla təltif olunmuş Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və veteranlar iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Bayrağının gətirilməsindən sonra tədbirdə Azərbaycan dövlət nəfəs alətləri orkestrinin müşayiəti ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himnimiz və hərbi marş səsləndirilib.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altındakı torpaqlarımızı mənfur düşməndən azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazıb. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu və güclü dövlət anlayışı vəhdət təşkil edir.
Qeyd olunub ki, Vətən müharibəsi şəhidlərinin ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir. Rayonda şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının hər birinin qayğı və problemlərinin həlli diqqət mərkəzində saxlanılır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin rəisi Namiq Hüseynov, şəhid atası Valeh Mikayılov və digərləri çıxışlarında canlarını qurban verərək xalqımıza qələbə sevinci yaşadan şəhidlərimizin xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Vurğulanıb ki, Vətən müharibəsi şəhidlərinin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir vətəndaşın borcudur.
Çıxış edən şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən orden və medallarla təltif olunmuş Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə, qazilərə və veteranlara orden və medallar təqdim olunduqdan sonra təntənəli mərasim bədii hissə ilə davam etdirilib.