Nicat Abasov: İddiaçılar Turniri karyeramın ən əsas yarışıdır
Bakı, 19 yanvar, AZƏRTAC
“İddiaçılar Turnirində iştirak mənim üçün dönüş nöqtəsidir. Şübhəsiz, bu, karyeramın ən əsas yarışıdır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanı şahmat üzrə İddiaçılar Turnirində təmsil edəcək Nicat Abasov federasiyanın rəsmi saytına müsahibəsində deyib.
29 yaşlı qrossmeyster yarışda onun üçün ən çətin rəqibin məhz özü olduğunu bildirib: “Yəni, gücümü toplayaraq istədiyim oyunu nümayiş etdirsəm, hər bir partiyada bərabər mübarizə ola bilər”.
N.Abasov İddiaçılar Turnirində daha əvvəl bu yarışın iştirakçısı olmuş Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun təcrübəsindən yararlanacağını söyləyib: “Həm Teymur, həm də Şəhriyarın bu yarışla bağlı böyük təcrübəsi var. Hər ikisi dəfələrlə İddiaçılar Turnirində mübarizə aparıb. Ötən yarışda Teymur Rəcəbovun komandasında yer almışdım, “sekundant”ı olduğum üçün bilavasitə yarışla maraqlanırdım. Prosesin gedişində iştirak etməklə müəyyən təcrübə qazanmışam. Əlbəttə, iştirakçının fərqli öhdəlikləri var. Şübhəsiz, mənim iştirakımda onların təcrübəsi əvəzsiz rol oynayacaq”.
O, artıq turnirin hazırlığına start verdiyini vurğulayıb: “Yarışdan sonra geri baxanda elə bir məqam olmasın ki, kaş, fərqli gediş edərdim deyə düşünüm. Buna görə maksimum dərəcədə hazırlıqlı olaraq mümkün qədər yaxşı nəticə göstərməyi arzulayıram. Hazırlıqla bağlı yaradılan şəraitə görə Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Federasiya dəstəyini əsirgəmir”.
N.Abasov bildirib ki, Bakıdakı Dünya Kubokunda ona göstərilən azarkeş dəstəyinə yenidən ehtiyacı var: “Tək mən deyil, ölkəmizin bütün şahmatçılarına dəstək vacibdir. Bəzən uğursuzluq olur, amma inamı heç vaxt itirməyin. Hər birimiz uğurlu olmaq üçün çalışırıq. Onların dəstəyi bizə əlavə güc verir”.
Qeyd edək ki, İddiaçılar Turniri aprelin 2-25-də Kanadanın Toronto şəhərində keçiriləcək. Səkkiz şahmatçının mübarizə aparacağı yarışın qalibi şahmat tacı uğrunda matçda dünya çempionu Din Lirenə rəqib olacaq.