Nicat Abasov: Vüqar Həşimov Memorialının bütün iştirakçıları qalib olmağa layiqdirlər
Bakı, 9 dekabr, AZƏRTAC
"Turnir yüksək səviyyədə təşkil olunub. Burada hər kəs Vüqar Həşimovun əziz xatirəsini yad edir. Əcnəbi qonaqların onun yaxşı şahmatçı olduğunu söyləmələri də sevindirici haldır. Təşkilatçılara görkəmli şahmatçımızın adını yaşatdıqlarına görə təşəkkür edirəm".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan şahmatçısı Nicat Abasov Qəbələdə keçirilən “Vüqar Həşimov Memorial-2023” superturniri ilə bağlı danışarkən deyib.
İlk üç turda iki qələbə və bir heç-heçə ilə yadda qalan şahmatçı yarışın özü üçün pis başlamadığını bildirib: "Turnir yeni başlayıb. Heç-heçə etdiyim görüşün müəyyən anlarında özümü çətin vəziyyətə salsam da, sonradan toparlandım. Digər iki görüşdə isə daha yaxşı oynadım və nəticədə qalib gəldim".
Onun sözlərinə görə, turnirdə iştirak edən bütün şahmatçılar qalib olmağa layiqdir: "Düşünürəm ki, hər kəs qələbə arzusundadır. Qarşıda 6 rapid, 18 blits oyunu var. Bu görüşlər çox şeyi dəyişəcək. İnanıram ki, Azərbaycan şahmatçıları yaxşı nəticə göstərə biləcəklər".
28 yaşlı qrosmeyster bu ay Özbəkistanın Səmərqənd şəhərində rapid və blits üzrə keçiriləcək dünya çempionatında çıxış etməməsinin səbəbinə də aydınlıq gətirib: "Təqvim sıx olduğu üçün dünya çempionatına qatıla bilməyəcəyəm. İstirahət etməyə ehtiyacım var".
Qeyd edək ki, "Vüqar Həşimov Memorialı - 2023” superturnirində 3 turdan sonra 5 xalı olan Nicat Abasov yarış cədvəlində liderliyə yüksəlib.