Niderland ictimaiyyəti tərəfindən Sülh Sarayına Xocalı faciəsi ilə bağlı müraciət təqdim olunmuşdur
Bakı, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 19-ci ildönümü ilə əlaqədar fevralın 26-da Haaqada Niderland ictimaiyyətinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, Azərbaycan və türk icmalarının yüzlərlə təmsilçisi, azərbaycanlı tələbələr və yerli qeyri-hökumət təşkilatlarının fəallarının iştirakı ilə anma mərasimləri keçirilmişdir.
Əvvəlcə, Haaqada Xocalı soyqırımına həsr olunmuş abidənin yanında faciə ilə əlaqədar mitinq keçirilmişdir. Tədbirdə Niderland- Azərbaycan Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşqın faciə haqqında danışmış, soyqırımı törədənlərin cəzalandırılmasına dair çağırışlar səsləndirmişdir.
Azərbaycanın Niderland Krallığındakı səfirliyinin əməkdaşı Elxan Ələsgərov ermənilərin törətdiyi amansız vəhşiliklər barədə məlumat vermiş, faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər barədə danışmışdır.
Anma mərasimi Beynəlxalq Ədalət Məhkəməsinin qarşısında toplantının keçirilməsi ilə davam etmişdir. Burada tədbir iştirakçıları Xocalı faciəsinə dair şüarlar səsləndirmiş, plakatlar nümayiş etdirmişlər.
Tədbirdə “Xocalıya ədalət” kampaniyasının Niderland üzrə əlaqələndirici, bu ölkənin milli qəhrəmanı Gert van Dam faciə haqqında danışmış, soyqırımı törədənlərin cəzalandırılmasına çağırmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” Beynəlxalq kampaniyasının faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər xüsusi vurğulanmışdır.
Gert van Dam tədbirdə iştirak edən Sülh Sarayının direktoru Stiven van Hoqstratenə təmsil etdiyi təşkilat adından Xocalı faciəsi ilə bağlı müraciət təqdim etmişdir. Müraciətdə Niderland vətəndaşları faciəyə beynəlxalq ictimaiyyət tərəfindən siyasi-hüquqi qiymət verilməsinə və soyqırımı törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair tələblər irəli sürmüşlər.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov da “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini xüsusi vurğulamış, Niderlandda yaşayan Azərbaycan və türk diaspor təşkilatlarının bu işdə fəallığını yüksək qiymətləndirmişdir.
F.Sadıqov Sülh Sarayının rəhbərinə faciəni əks etdirən kitablar, broşürlər, disklər və digər təbliğat materialları təqdim etmişdir.
Digər çıxış edənlər də Xocalı faciəsini törədənlərin, hətta hazırda Ermənistanda rəhbər vəzifələrdə çalışanların tezliklə cəzalandırılmasını tələb etmiş, “Xocalıya ədalət” kampaniyasına hər kəsin qoşulmasının vacib olduğunu bildirmişlər.
######
