Nizami rayonunda dövlət qulluqçularının peşəkarlığının artırılması istiqamətində aparılan işlər uğurlu nəticələr verməkdədir
Bakı, 23 iyun, AZƏRTAC
23 iyun - dövlət qulluqçularının peşə bayramı günü Bakının Nizami rayonunda da qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov peşə bayramı münasibətilə rayonun dövlət qulluqçularını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tahir Budaqov ölkəmizdə bayram kimi qeyd edilən bu günün vacibliyindən danışıb, dövlət qulluğunun Azərbaycandakı inkişaf proseslərinə ümummilli lider Heydər Əliyevin verdiyi töhfəni xüsusi qeyd edib. İcra başçısı ulu öndər Heydər Əliyevin əvəzolunmaz dövlətçilik siyasətindən danışıb, dövlət qulluğuna dair qəbul olunan bütün qanunvericilik aktlarının əsas məqsədinin, məzmununun dövlət qulluqçularının vətəndaşa və vəzifə borcuna düzgün münasibətinin tənzimləməyə yönəldiyini deyib.
T.Budaqov dövlət idarəçiliyi istiqamətində respublikamızda həyata keçirilən islahatlar nəticəsində əldə edilən irəliləyişlərdən söz açaraq, bu sahənin Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlandığını vurğulayıb. O bildirib ki, dövlət qulluqçularının peşə bayramı günü ölkəmizdə artıq 9-cu ildir qeyd olunur.
Vurğulanıb ki, dövlət orqanları cəmiyyətdə, dövlət qulluğu prosesində olduqca fəal rol oynayırlar. Dövlət qulluqçuları dövlətimizin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsində yaxından iştirak edirlər. Qeyd olunub ki, Nizami rayonunda dövlət qulluqçularının peşəkarlığının artırılması istiqamətində aparılan işlər uğurlu nəticələr verməkdədir.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində dövlət qulluqçularının mühüm rolundan bəhs ediblər. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda rayonun bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunub.