Nizami rayonunda məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı işləri uğurla icra olunur
Bakı, 6 may (AZƏRTAC). Nizami rayonunda məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı sahəsində işlər uğurla icra olunur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayonun ərazisində yığışdırılan və təmizlənən asfalt sahəsi 4679,9 min kvadratmetr, xidmət göstərilən yaşıllıq sahəsi isə 8500,0 min kvadratmetrdir.
Rayonun ərazisində 3589 min kvadratmetr sahə Nizami rayon mənzil kommunal təsərrüfatı birliyi, 678,1 min kvadratmetr sahə 1 nömrəli xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyi, 373 min kvadratmetr sahə isə 3 nömrəli xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyi tərəfindən təmizlənir. Bundan əlavə, üç yaşayış binasının yerləşdiyi 0,8 min kvadratmetr ərazi “Xəzərdənizgəmiçilik” Qapalı Səhmdar Cəmiyyətinin sosial inkişaf idarəsi mənzil kommunal təsərrüfatının 2 nömrəli mənzil istismar sahəsi, iki binanın yerləşdiyi 0,6 min kvadratmetr ərazi Müdafiə Nazirliyinin mənzil istismar idarəsinin 1 nömrəli evlər idarəsi, 71 yaşayış binasının yerləşdiyi ərazinin 28,4 min kvadratmetr sahəsinə isə mənzil tikinti kooperativləri tərəfindən xidmət göstərilir.
Rayon ərazisində 172 ünvanda məişət tullantıları meydançası və 1348 ədəd konteyner mövcuddur. Onlardan 101 meydança, 965 konteyner Nizami Rayon mənzil kommunal təsərrüfatı birliyinə, 45 meydança, 178 ədəd konteyner 1 nömrəli xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyinə və 26 meydança, 202 ədəd konteyner isə 3 nömrəli xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyinə aiddir.
Rayon əhalisinin, kommersiya və məişət xidməti obyektlərinin fəaliyyəti nəticəsində il ərzində rayon ərazisində 65 min 700 tonadək (328 min 500 kub metr) məişət tullantıları əmələ gəlir. Məişət tullantılarını əsasən qida və meyvə-tərəvəz qalıqları, kağız, karton, şüşə, polietilen, metal, köhnə paltar və inşaat materialları təşkil edir.
Rayon ərazisinin təmizliyində gündəlik 679 nəfər dalandar, yığışdırılmasında 91 nəfər fəhlə çalışır. Tullantıların daşınmasında 20 ədəd xüsusi təyinatlı və 24 ədəd özüboşaldan avtonəqliyyat vasitələrindən istifadə olunur.
Tullantıların idarə edilməsi sistemi tullantıların yığışdırılması, çeşidlənməsi, daşınması, təkrar emalı, ikinci dəfə istifadəsindən ibarətdir və tullantıların ətraf mühitə, insanların sağlamlığına mənfi təsirini azaltmaq məqsədini daşıyır. Əvvəllər rayonda tullantıların qismən zərərsizləşdirilməsi onların basdırılması və ya yandırılması üsulu ilə həyata keçirilirdi. Hazırda isə tullantılar illik gücü 500 min ton təşkil edən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonuna təhvil verilir.
Gün ərzində rayon ərazisindəki prospektlər dörd dəfə, yollar üç dəfə, məhəllədaxili küçələr iki dəfə yığışdırılır. Əlavə olaraq şənbə və bazar günləri rayon ərazisində iməciliklər təşkil olunur, yol kənarlarındakı yaşıllıq zolaqları tullantılardan və alaq otlarından təmizlənərək daşınır. Çeşidlənmə işləri isə “Təmiz Şəhər” ASC-nin Balaxanı Bərk Tullantılarının Çeşidlənməsi Poliqonunda aparılır.