Nizami rayonunun məktəbliləri arasında velosiped yarışının qalibləri müəyyənləşib
Bakı, 25 noyabr, AZƏRTAC
Yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə paytaxtın Nizami rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 20 komanda iştirak edib.
Reqlamentə görə, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, birinci yerə 251 nömrəli orta məktəbin komandası sahib olub. Yarışda 277 və 70 nömrəli məktəblərin komandaları isə müvafiq olaraq 2-3-cü yerləri tutublar.
Qarşıdakı günlərdə paytaxtın digər rayonlarının məktəbləri arasında da analoji yarışlar təşkil ediləcək. Bu yarışlarda ilk 3 yeri tutan komandalar isə final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı çempionatında iştirak hüququ əldə edirlər.