Norveç gənclər arasında elektron siqaretlərin yayılmasının qarşısını almağa çalışır
Stokholm, 14 iyun, AZƏRTAC
Norveç hökuməti gənclər arasında elektron siqaretlərin yayılması ilə mübarizə aparmaq üçün səy göstərir.
AZƏRTAC xəbər verir ki, Skandinaviya Krallığının hökuməti standartlaşdırılmış qablaşdırmaya tələblər və elektron siqaretlər üçün ətirvericilərə qadağa haqqında qanun layihəsini Stortinqə (parlamentə) təqdim edib.
Hökumətdə xüsusən uşaqlar və gənclər arasında elektron siqaretlərin istifadə edilməsinin artması ilə əlaqədar narahatlıq ifadə edilib. “Şübhəsiz ki, elektron siqaretlərin istifadə edilməsi sağlamlıq üçün risklə bağlıdır. Bu qanun layihəsi ilə biz gənclərin elektron siqaretlərdən istifadəyə başlamasına mane olmaq istəyirik”, - deyə səhiyyə naziri İnqvild Kyerkol bildirib.
Norveçin naziri hesab edir ki, ətirvericilərə qadağa və standartlaşdırılmış qablaşdırmaya tələblər elektron siqaretləri gənclər üçün daha az cəlbedici edəcək.
Avropa Komissiyasının 2021-ci ilə dair hesabatına əsasən, Avropa İttifaqında getdikcə daha çox gənc elektron siqaretdən istifadə edir. Krallıqda aparılan sorğular Norveçdə analoji vəziyyətin mövcud olmasını təsdiqləyir. Buna görə ölkə hökuməti elektron siqaretlərin bundan sonra yayılmasının qarşısını almaq üçün gənclərə və uşaqlara yönəlmiş tədbirlər görməyi planlaşdırır.
Yeni qanun layihəsində Səhiyyə Nazirliyi elektron siqaretlərin tənzimlənməsi ilə əlaqədar iki tədbirin görülməsini təklif edir. Bu, elektron siqaretlərin və tütündən başqa istənilən bir şeyin xarakterik ətri ilə doldurma konteynerlərin satışına qadağa və elektron siqaretlərin standartlaşdırılmış qablaşdırılmasına tələblərin tətbiq edilməsidir. Təkliflər Finlandiya və Danimarkanın müvafiq təcrübəsinə əsaslanıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm