İQTİSADİYYAT
Norveçin “Equinor” neft şirkəti parnik qazları tullantılarının sıfıra endirilməsi strategiyasını açıqlayıb
Stokholm, 7 yanvar, AZƏRTAC
Norveçin “Equinor” iri neft şirkəti Krallıqda parnik qazları tullantılarını 2050-ci ilə qədər sıfıra endirilməsinə yönəldilmiş strategiyasını açıqlayıb.
AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, “Equinor”un strategiyası Norveçin dəniz yataqlarında və sahil zonasında yerləşən zavodlarında əmələ gələn parnik qazları tullantılarının azaldılması planlarının işlənib hazırlanmasından və həyata keçirilməsindən ibarətdir. Şirkət 2030-cu ilə qədər tullantıları təqribən 40 faiz, 2040-cı ilədək 70 faiz azaltmağa, 2050-ci ilə qədər isə sıfıra endirməyə çalışır. “Equinor” ətraf mühiti mühafizə sahəsində yeni hədəflərinə nail olmaq üçün külək elektrik stansiyaları, karbonun təmizlənməsi və saxlanılması, habelə ekoloji təmiz hidrogendən istifadə olunması sahəsində yeni texniki həllər axtarır. Şirkət əmindir ki, Norveçdə tullantıların xeyli azaldılması “Equinor”un biznesini 2015-ci ildə Parisdə imzalanmış zərərli tullantıların azaldılması üzrə Sazişə uyğunlaşdıracaq.
“Equinor”un prezidenti Eldar Setre deyib: “Hazırda biz sənayedə fəal addımlar atılmasını nəzərdə tutan misli bərabəri olmayan iddialı layihələr işə salmağa, daha sonra Norveçdə tullantıları tamamilə azaltmağa, 2050-ci ilə qədər sıfıra endirməyə çalışırıq”.
“Equinor” və onun tərəfdaşları 2030-cu ilə qədər tullantıları azaltmağa, şirkətin yataqlarının və zavodlarının uzunmüddətli rəqabətlilik gücünü artırmağa təqribən 50 milyard Norveç kronu (təqribən 5,7 milyard dollar) sərmayə yatırmağı planlaşdırırıq. Şirkət parnik qazları tullantılarını azaltmaq planına müvafiq olaraq, tullantıları 5 milyon tondan çox azaltmağı planlaşdırır ki, bu da Norveçdə CO2 tullantılarının ümumi həcminin təqribən 10 faizini təşkil edir. 2030-cu ilə qədər 40 faiz azaldılma enerji səmərəliliyi və rəqəmsallaşdırma kimi irimiqyaslı tədbirləri sənayedə tətbiq etmək hesabına əldə olunur.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm