NÜVƏ SINAQLARININ HƏRTƏRƏFLİ QADAĞAN EDİLMƏSİ MÜQAVİLƏSİ TƏŞKİLATI BAKIDA TƏLİM KURSLARI KEÇİRƏCƏKDİR
Təlim kurslarında Şərqi Avropa, Afrika-Avstraliya, Asiya, Qərbi Avropanı təmsil edən 19 ölkənin mütəxəssisləri iştirak edəcəklər. Tədribin ilk günü qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edəcək, həmçinin təlim kurslarının keçirildiyi günlərdə Bakının tarixi-mədəni abidələri, görməli yerləri ilə tanış olacaqlar.
Xatırladaq ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi Müqaviləsi Təşkilatı BMT Baş Məclisinin 1996-cı il 10 sentyabr tarixli müvafiq qətnaməsinə əsasən yaradılmışdır. İlk olaraq 44 dövlət bu müqaviləyə qoşulmuş, hazırda Azərbaycan da daxil olmaqla dünyanın 150-dən çox ölkəsi qrumun üzvüdür.
Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi Müqaviləsi Təşkilatı mütəxəssislər hazırlamaq məqsədi ilə yerlərdə inspeksiyalar təşkil edir. Bakıda reallaşdırılacaq beynəlxalq tədbirdən də əsas məqsəd nüvə sınaqlarının keçirilməsinin qarşısını almaq üçün xəbərdaredici və proqnozlaşdırıcı stansiyalar yaratmaq, onları müasir texniki avadanlıqla təchiz etmək, ən əsası isə bu avadanlığı işlədib alınan məlumatları araşdıraraq nəticə çıxarmağı bacaran mütəxəssislər hazırlamaqdır.