O, İNSANLARI HƏYATA QAYTARIRDI...
...Azərbaycanda elə ailələr, nəsillər var ki, onların nümayəndələri xalqımızın, millətimizin sərvəti, fəxridirlər. Taleyüklü tarixi dəyişikliklərin baş verdiyi XX əsrin əvvəllərində Azərbaycanın ilk pediatrı Əbülfəz Qarayevin və onun xanımı, o dövrdə gözəl təhsil almış Azərbaycan qadınlarından biri, Bakıda öz şeirləri və musiqi qabiliyyəti ilə tanınan Sona Axundova–Qarayevanın ailəsində dalbadal iki oğlan övladı dünyaya gəldi. Böyük oğul Qara Qarayev sonralar görkəmli bəstəkar oldu, kiçiyi Mürsəl isə atasının yolu ilə gedərək, həkimlik peşəsini seçdi. O, məktəbi bitirən kimi Azərbaycan Tibb İnstitutuna daxil oldu. Həyatsevər, şən Mürsəl caza aludə idi, həmin illərdə məşhur olan “Günəşli vadinin serenadası” adlı Amerika filmindən melodiyaları saksofonda çalmağı, ova getməyi çox xoşlayırdı. Yaşıdları xatırlayırlar ki, bu məşğuliyyət Mürsəl üçün təbiət və dostları ilə ünsiyyət vasitəsi idi.
...Qanlı-qadalı 1942-ci il idi. Gənc həkim yaxınlarının arxada işləmək barədə məsləhətlərinə baxmayaraq, cəbhəyə getmiş və burada qəhrəmanlıq, fədakarlıq və nəciblik nümunəsi göstərmişdi. Mürsəl cəbhədə ağır yaralanmış, Şimali Qafqaz, Kursk, Budapeşt uğrunda döyüşlərdə iştiraka görə bir çox orden və medallara layiq görülmüşdü. M.Qarayev müharibədən sonra cərrahlıq fəaliyyətini təbabətin ən mürəkkəb sahələrindən biri olan urologiyada davam etdirmişdi.
Mürsəl həkimin öz vəsaiti hesabına imkansız xəstələrə dərman, ərzaq alması, evə qayıtmaq üçün onlara yol pulu verməsi heç kimi təəcübləndirmirdi. Xəstələr onunla söhbətdən sonra özlərini yaxşı hiss edir, onun uğurla keçirdiyi çoxsaylı cərrahiyyə əməliyyatları çoxlarını yenidən həyata qaytarırdı.
Mürsəl həkimi və onun ailəsini şəxsən tanıyan xalq yazıçısı Anarın kitaba yazdığı ön sözdən bu gözəl insan, onun keçdiyi həyat yolu barədə çox şey öyrənmək mümkündür. Nəşrə tanınmış elm və mədəniyyət xadimlərinin, Mürsəl Qarayevin dost və tanışlarının, həmkarlarının və yaxın qohumlarının xatirələri daxil edilmişdir. Müəllifin doktor Qarayevin oğlu, gənclər, idman və turizm naziri, Azərbaycan ziyalılarının layiqli nümayəndəsi Əbülfəz Qarayevdən aldığı müsahibə də çox maraqlıdır. Kitabda bəzi sənədlərin, qəzet məqalələrinin, Qarayevlər ailəsinin şəxsi məktublarının fotoşəkilləri, ailənin fotoarxivindən nümunələr də təqdim olunur.