Odessada “Azərbaycan: Qərb ilə Şərqə açılan pəncərə” mövzusunda tədbir keçirilmişdir
Bakı, 24 oktyabr (AZƏRTAC). Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Odessa şəhərində “Azərbaycan: Qərb ilə Şərqə açılan pəncərə” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Odessa vilayət administrasiyasının, diplomatik korpus nümayəndələrinin, azərbaycanlı gənclərin və diaspor fəallarının qatıldığı tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin əməkdaşı Həzi Aslanov və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək, bu gün Azərbaycanın Avropaya və dünya birliyinə inamlı inteqrasiya siyasəti yürüdərək, iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrildiyini vurğulamışlar. Qeyd olunmuşdur ki, gündən-günə güclənən Azərbaycan Qərb ilə Şərq arasında körpü rolunu oynayır. Həmçinin ölkəmizdə dövlət səviyyəsində bütün sahələrlə yanaşı, gənclərin problemlərinə də xüsusi diqqət yetirilir. Bu gün Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclər təşkilatlanaraq Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, xalqımızın qədim və zəngin mədəniyyətinin təbliği istiqamətində silsilə tədbirlər həyata keçirirlər.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Odessa Vilayət təşkilatının sədri Samirə Əliyeva, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Türkiyənin və Gürcüstanın Odessadakı baş konsullarının müavinləri Melih Demirtaş və Mamuka Cambazaşvili çıxış edərək, bu gün inkişaf dövrünü yaşayan Azərbaycanın öz maddi sərvətləri ilə yanaşı, milli mənəvi dəyərlərinin sahibinə çevrilməsinin tarixi əhəmiyyətindən bəhs etmişlər. Natiqlər müstəqil Azərbaycan dövlətinin inkişaf edərək beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsinin fərəhləndirici hal olduğunu bildirmişlər.
Gənclərin hazırladığı konsert proqramı ilə davam edən tədbirdə Azərbaycanda həyata keçirilən beynəlxalq mədəni, iqtisadi layihələrdən, ölkəmizin qədim və müasir gözəlliklərindən bəhs edən film nümayiş olunmuşdur.