CƏMİYYƏT
Oftalmoloqlar Naxçıvanda bir araya gələcəklər
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 16-da Naxçıvan Mərkəzi Xəstəxanasında Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin növbəti aksiyası keçiriləcək.
Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a verilən məlumata görə, konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, region həkimlərinin iştirakını təmin etmək və onların da həmin yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda region və mərkəzin həkim heyəti iştirak edəcək və öz məruzələri ilə çıxış edəcəklər.
Aksiyada isə məqsəd pasiyentləri operativ şəkildə müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.
Konfransda “Azərbaycanın rayonlarında səyyar oftalmoloji yardımın təşkili”, “Orbitanın yad cisimlərinə dair”, “Ordunun döyüş hazırlığının yüksəldilməsi istiqamətində hərbi və mülki oftalmoloqların qarşılıqlı fəaliyyəti”, “Gecikmiş mərhələdə torlu qişanın qopmaları”, “Diqqət! Endoftalmit!”, “Cərrahi əməliyyatlarla bağlı rast gəlinən fəsadlar. Həkim səhvinin rolu nə qədərdir?”, “Oftalmoloji yardımın III etapında torlu qişanın reqmatogen qopması diaqnozu ilə xəstələrin demoqrafik və klinik səciyyələri”, “Naxçıvan Muxtar Respublikasında qlaukoma xəstəliyinin yayılması” kimi məsələlər müzakirə ediləcək.