QAN YADDAŞI
OĞUZDA ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Oguz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar rayonun mədəniyyət və təhsil müəssisələrində, idarə və təşkilatlarda anma mərasimləri, xatirə gecələri keçirilmiş, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir.
Soyqırımı gününün ildönümü ərəfəsində rayonun orta məktəblərində “Xocalı ümummilli faciəmizdir”, “Xocalı faciəsi-qan yaddaşımızdır”, “Xocalı faciəsi tariximizin qanlı səhifəsidir” mövzularında inşa yazı müsabiqələri keçirilmiş, fevralın 26-da məktəblərdə ilk dərslər Xocalı mövzusuna həsr edilmiş, rayonda məskunlaşmış Xocalıdan olan şəhid ailələrinə maddi yardımlar göstərilmişdir.
Fevralın 26-da Oğuz Rayon İcra Hakimiyyətində faciənin növbəti ildönümü ilə bağlı ümumrayon anma mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Aydın Əlihüseynov insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin mahiyyəti və acı nəticələri barədə danışmış, 16 il əvvəl baş vermiş bu qətliamın ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirmişdir.
Mərasimdə Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kazım Rəhimov, xocalıların məskunlaşdıqlarıı Azərbaycan qəsəbəsindəki orta məktəbin direktoru Şakir Əliyev, faciənin iştirakçısı, ailəsinin dörd üzvü şəhid olmuş Salman Abbasov çıxış edərək o müdhiş gecə baş verən qanlı hadisələri bir daha yada salmış, faciənin müəlliflərini, terroru dəstəkləyənləri qətiyyətlə pisləmişlər. Çıxış edənlər Oğuzda məskunlaşan 500-dən artıq Xocalı sakininin problemlərinin həllinə göstərdiyi qayğıya görə rayon rəhbərliyinə, həmçinin yerli əhaliyə dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda Xocalıdan olan məcburi köçkünlərə maddi yardım göstərilmişdir.